RU EN

Sığorta sektoruna nəzarət etmədə uğur paradiqması

15-04-2021

Dünya sığorta bazarı ötən ilin əvvəlindən etibarən müşahidə olunan qlobal epidemik və iqtisadi şokların təsiri ilə əlaqədar olaraq daralma ilə üzləşmişdir. Baş verən şoklara qarşı dünya ölkələri tərəfindən həyata keçirilən müxtəlif miqyaslı anti-böhran tədbirlərinə baxmayaraq iqtisadi resessiya qaçılmaz olmuşdur. Qlobal iqtisadi resessiya Böyük Depressiya illərindən etibarən ən yüksək miqyasda baş verdiyi üçün demək olar ki, əksər ölkələrin maliyyə, o cümlədən sığorta bazarları kiçilməyə başlamışdır.

Lakin təhlillər və real hesabat rəqəmləri onu deməyə əsas verir ki, Azərbaycanın sığorta bazarı ötən dövr ərzində xarici şokların yaratdığı neqativ tendensiyadan yayına bilmişdir. Qlobal pandemiya və resessiya şəraitində hökumətin həyata keçiridiyi anti-böhran tədbirləri nəticəsində Azərbaycan iqtisadiyyatının xarici və daxili şoklara dözümlüyü gücləndirilmiş, nəticədə dərin iqtisadi resessiyanın qarşısı alınmışdır.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 28 noyabr 2019-cu il tarixdə imzaladığı “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Bununla da Azərbaycan Mərkəzi Bankı həm də yerli sığorta bazarına üst nəzarətedici orqana çevrilmişdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın sığorta bazarı COVID-19 pandemiyasının labüd hala çevridiyi məhdudlaşdırma tədbirlərinə baxmayaraq müsbət dinamikanı qoruyub saxlaya bilmişdir. Azərbaycan Mərkəzi Bankının hələ ötən il pandemiyanın yerli sığorta bazarına yarada biləcəyi potensial risklərin minimumlaşdırılması məqsədi ilə həyata keçiridyi “Tədbirlər Planı” 2020-ci ildə sığorta bazarında aktivliyin saxlanılmasına müsbət təsir etmişdir.

2020-ci ilin yerli sığorta bazarı ilə bağlı yekun icmal göstəricilərinə nəzər salsaq proqressiv tendensiyanı əyani şəkildə müşahidə etmiş olarıq. Belə ki, ötən il Azərbaycanın sığorta bazarı iştirakçıları 728.6 milyon manat sığorta yığımı təmin etmişdir. Bu, 2019-cu ilin icmal göstəriciləri ilə müqayisədə 47.5 milyon manat çoxdur. Göründüyü kimi, yerli bazar, pandemiya kimi məhrumiyyətlərlə zəngin bir dövrdə yığımları nəinki stabil saxlaya bilmiş, hətta ötən illərin yığım göstəricilərini ötməklə regionda mühüm irəliləyişə nail olmuşdur.

Maraqlı və sevindirici fakt ondan ibarətdir ki, artım trendi yalnız sığorta yığımlarında yox, eyni zamanda sığorta bazarı iştirakçılarının kapitallaşmasında da özünü bariz şəkildə göstərmişdir. Belə ki, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin 2020-ci ildə təmin etdiyi ümumi məcmu gəlirləri 907,71 milyon manat təşkil etmişdir. Bu rəqəm 2019-cu ilin kapitallaşma göstəriciləri ilə müqayisədə 33.6% çoxdur. Doğrudur, COVID-19 və digər bu kimi xarici şokların yaratdığı nəticələr səbəbilə, qeyd olunan dövr ərzində məcmu xərclərdə də artım müşahidə olunmuşdur. Lakin, Azərbaycan Mərkəzi Bankının sığorta sektoruna uğurlu və konstruktiv nəzarət mexanizmi və yanaşması nəticəsində, 2020-ci ilin yekununda Azərbaycan sığortaçılarının məcmu maliyyə mənfəəti 104,523 milyon manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə 15,8% çoxdur.

Qeyd olunan dövr ərzində 19 sığorta şirkəti tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisinin həcmində də artım olmuşdur. Belə ki, 2020-ci ildə yerli sığorta bazarı iştirakçıları 2019-cu illə müqayisədə 4.2% daha çox, yəni 23,591 milyon manat məbləğində mənfəət vergisi ödəmişdir. Nəticədə Azərbaycan sığortaçılarının 2020-ci ildə təmin etdiyi məcmu xalis mənfəəti 80,933 milyon manat olmuşdur. Bu da 2019-cu illə müqayisədə 19,7% çoxdur. Qeyd etmək lazımdır ki, ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini yüksəltmişdir.

Rəqəmlər də onu göstərir ki, Azərbaycan Mərkəzi Bankının yerli sığorta bazarına nəzarətedici kimi ilk fəaliyyət ili nəticələrinə əsasən qeyd edə bilərik ki, sektor yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Mərkəzi Bankının nəzarət ili çərçivəsində sektorun kapitallaşması, bununla da onun makroiqtisadi şoklara qarşı immunitetinin gücləndirilməsi, habelə, maliyyə dayanıqlığını itirmiş bazar iştirakçılarının sektordan uzaqlaşdırılması tədbirləri bazarın sağlam və etibarlı inkişafı baxımından mühüm əhəmiyyətə malik olmuşdur.

Fundamental və texniki sektorial təhlillər onu proqnozlaşdırmağa əsas verir ki, yeni inkişaf mərhələsi yerli sığorta bazarına modern çağırışlar qazandırmaqla, həm də bazarda yeni bir uğur paradiqması yaratmaqdadır. Reallıq isə dəyişməzdir – sabahın uğurlu sığortası bu günün icbari gerçəyidir.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi

Son xəbərlər

Elmar Mirsalayev: “2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq”

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim..

07-12-2022

Azər Əliyev: "Bu Fərman uğurlu iqtisadi islahatların məqsədyönlü davamıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..

21-05-2021