RU EN

Elmar Mirsalayev: “2023-cü il sığorta sektoruna yeni imkanlar qazandıracaq”

07-12-2022

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayevin müsahibəsini təqdim edirik.

Azərbaycanın sığorta sektoru 2021-ci ildə rekord böyümə ilə ÜDM-dəki payını yüksəltmişdi. Bu səbəblə də növbəti il üçün irəli sürülən proqnozlar müsbət istiqamətdə idi. Artıq 2022-ci ili başa vururuq. Bu il yerli sığorta bazarı üçün hansı nəticələrlə yadda qaldı?

Bu gün respublikamızda müxtəlif iqtisadi klassifikasiyalar üzrə davamlı inkişaf dinamikası müşahidə edilir. Maliyyə sisteminin önəmli istiqamətlərindən biri olan sığorta sektoru da hazırda dayanıqlı böyümə trendini qoruyub saxlayır. Çox doğru qeyd etdiniz ki, 2021-ci il üzrə yerli sığorta bazarında müsbət nəticələr qeydə alınıb. Belə ki, sığorta yığımları 16% artımla 844 milyon AZN-ə yüksələrək rekord həddə çatdı. Nəticədə sığorta sektorunun ÜDM-dəki payı 1%-ə yüksəldi.

Sevindirici haldır ki, bu nəticələrə əsaslanaraq 2022-ci illə bağlı verdiyimiz proqnozlar da özünü doğrultdu. Belə ki, ilin əvvəlindən etibarən, yığımlarda ötən illərdən fərqli olaraq volatillik yox, davamlı böyümə trendi müşahidə edildi. Cari nəticələrə nəzər salsaq, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış ən son sığorta icmalına görə, yanvar-sentyabr ayları ərzində sığorta yığımları 2021-ci ilin analoji dövrü ilə müqayisədə 75.6 milyon manat artaraq 731.2 milyon AZN təşkil edib. Maraqlıdır ki, bu artımda icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Hesabat dövrü ərzində yığımlarında ciddi rol oynayan sığorta növləri sırasında Həyatın yaşam sığortasını (87.3 milyon AZN artım), Tibbi sığorta (9.3 milyon AZN artım), İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta (4.6 milyon AZN artım), Kasko sığorta (2 milyon AZN artım) və s. sığorta növlərini misal göstərə bilərik.

Haqqında danışdığımız 9 aylıq sığorta icmalına görə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 54.8 milyon AZN azalaraq 318.6 milyon AZN olub. Bu da o deməkdir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb. Hadisələrin sayının azalması isə sığortalıların qarşısıalınma tədbirlərinə daha ciddi və daha məsuliyyətli riayət etməsi ilə bilavasitə bağlı olan məqamdır.

Cari il ərzində sektorun inkişafı və sığorta xidmətlərində keyfiyyətin yüksəldilməsi, o cümlədən sığortaya əlçatanlığın təmin olunması məqsədi ilə nə kimi addımlar atıldı?

2022-ci il ərzində sektorun dayanıqlı inkişafı məqsədi ilə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu bir sıra məqsədyönlü tədbirlər həyata keçirdi. Belə ki, bu istiqamətdə mən həm sektorun inkişafına maneə yaradan halların aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasını, eyni zamanda konkret sığorta növlərinin inkişafı üçün həyata keçirilən mütərəqqi tədbirləri vurğulaya bilərəm.

İl ərzində ASA olaraq sektorda kadr potensialının formalaşdırılması və təlim-tədris prosesinin təşkili məqsədi ilə ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıqlar qurduq.

Bununla paralel olaraq sığorta sektorunda rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, eyni zamanda kiber-təhlükəsizlik imkanlarının genişləndirilməsi, o cümlədən sahibkarların sığortaya cəlb olunması yönündə də müxtəlif dövlət və özəl təşkilatlarla görüşlər keçirərək birgə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdik.

Cari il ərzində sektordakı problemlərin həllinin sürətləndirilməsi və cari vəziyyətin əsaslı təhlili məqsədi ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə görüş keçirdik. Görüşdə sektoru narahat edən məsələlər və əhalinin sığortaya əlçatanlığının təmin olunması ilə bağlı mümkün imkanlar geniş müzakirə edildi. Bu görüş ilə biz respublikanın ali məclisinin sığorta sektoruna diqqətinin və həssas yanaşmasının şahidi olduq.

Həyata keçirilən mütərəqqi yeniliklərdən biri məhz Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə bağlı oldu. Belə ki, bildiyiniz kimi, cari ilin 1 oktyabr tarixindən etibarən adı çəkilən sığorta növü üzrə baza sığorta haqqın sabit qalmaqla risk əsaslı yeni əmsallar tətbiq edilməyə başlandı. Bu yenilik ilə ədalətlilik prinsipi təmin olundu və dövrün aktual riskləri mövcud reallığa uyğunlaşdırılmaqla qiymətləndirilməyə başlandı. Adı çəkilən növ ilə bağlı daha bir yenilik isə 2022-ci ilin 1 noyabr tarixndə tətbiq olundu. Bu, zərərlərin birbaşa tənzimlənməsi mexanizmidir. Biz sığortaçılar bu yeniliyi sığorta sektorunda yeni bir eranın başlanğıcı olaraq dəyərləndiririk. Belə ki, 1 noyabr tarixə qədər tətbiq edilən qaydalara əsasən, hadisə nəticəsində zərər görmüş avtomobilin zərərini zərərvuran avtomobilin sığortalandığı şirkət qarşılayırdı. Amma 1 noyabrdan etibarən tətbiq olunan zərərlərin birbaşa tənzimlənməsi mexanizmi ilə isə hadisə nəticəsində zərər görmüş avtomobilin sahibi artıq öz sığorta şirkətinə müraciət edib zərərini qarşılaya bilir. Hesab edirik ki, bu yenilik həm müştəri məmnuniyyətinin yüksəldilməsinə, həm də sığorta şirkətləri arasında rəqabətin canlanmasına səbəb oldu.

Onu xüsusilə vurğulamaq istəyirəm ki, bu gün sığorta sektorunda müşahidə edilən canlanma və inkişaf dinamikası sığorta sektoruna nəzarətedici qurum olan Azərbaycan Mərkəzi Bankı ilə bilavasitə bağlıdır. Çünki məhz Mərkəzi Bankın həyata keçirdiyi mütərəqqi və məqsədyönlü nəzarət və tənzimləmə tədbirləri nəticəsində sektorda yeni inkişaf meyilləri formalaşmış, bazar iştirakçılarının fəaliyyəti və xidmət keyfiyyəti beynəlxalq çağırışlara uyğunlaşdırılmışdır.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bu gün sahibkarların və əhalinin sığorta məlumatlılığını necə dəyərləndirirsiniz? Və sığorta savadlılığının artırılması ilə bağlı hansı addımlar atılır?

Çox maraqlı bir məqama toxundunuz. Həqiqətəndə bu gün istənilən xidmət sahəsi ilə bağlı əhalidə və sahibkarlıq subyektlərində malumatlılığın və maarifləndirmənin təmin olunması prioritet istiqamət olmalıdır.

Bu gün yerli əhalinin və sahibkarların sığorta ilə bağlı məlumatlılığı və yanaşması bizi qane etmir. Biz sığortaçılar mövcud və potensial sığortalılarda məhdud məlumatlılıqla yanaşı, sığorta xidmətlərinə qarşı konspirativ və konservativ yanaşmanı da müşahid edirik. Lakin sevindirici haldır ki, mövcud yanaşma mərhələli şəkildə aradan qaldırılır və məlumatlılıq təmin olunur. Çünki bildiyiniz kimi 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçlar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Müvafiq sənədə əsasən 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri aparıldı. Nəticədə sektorda böyümə trendi təmin olundu.

Müvafiq layihə çərçivəsində 2022-ci ildə daha çox konkret sığorta növləri üzrə maarifləndirmə işləri aparıldı. Burada biz Daşınmaz əmlakın icbari sığortası, Kasko sığorta və Həyatın yaşam sığortası növlərini misal göstərə bilərik.

Bildirmək istəyirəm ki, müvafiq layihə 2023-cü ildə də davam etdiriləcək və əahli ilə yanaşı biznes subyektləri də sığortanın vacibliyi və əhəmiyyəti ilə bağlı məlumatlandırılacaqlar.

Məlumdur ki, lokal bazarların böyümə tendensiyası qlobal trendlərdən bilavasitə asılıdır. Bu məqamı əsas götürsək, yerli sığorta bazarının bugünkü beynəlxalq əməkdaşlıq siyasəti necə səciyyələndirilə bilər?

Yeni inkişaf meyillərinin müəyyənləşdirilməsi üçün beynəlxalq trendlərin izlənilməsi və dünya təcrübəsinin mütəmadi olaraq öyrənilməsi vacib amildir. Biz sığortaçılar üçün də bu istiqamət prioritetdir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hələ 2020-ci ildə qardaş ölkə Türkiyə sığorta sahəsində qurduğumuz qarşılıqlı əməkdaşlığı 2022-ci ildə daha da inkişaf etdirdik. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və ortaq razılığı, eyni zamanda təşkilatçılığı ilə bu ilin may ayında Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın sığorta birlikləri rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyinin təsis etdik. Hazırda ASA olaraq Birliyin Yol xəritəsini də hazırlamışıq. Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi birliyə üzv olan türkdilli dövlətlərin sığorta bazarları arasında əlaqələr qurmaq, kadr, təcrübə və məlumat mübadiləsini təşkil etmək, təkrarsığorta üzrə əməkdaşlıqları inkişaf etdirmək və ortaq sığorta hovuzunu təşkil etməkdən ibarətdir.

ASA olaraq cari ildə beynəlxalq əməkdaşlıq siyasəti istiqamətində əldə etdiyimiz müvəffəqiyyətlərdən biri də üzvü olduğumuz Sığorta Assosiasiyaları Qlobal Federasiyasının və “Insurance Europe”un təşkil etdiyi İllik Sığorta Assambleyasında iştirak edərək ölkəmizi təmsil etdik. Qeyd etmək istəyirəm ki, üzv olduğumuz bu beynəlxalq təşkilatların komitə və İşçi Qruplarının iclaslarında da aktiv iştirak edir, dünyası sığorta trendlərini izləyir və bunun yerli sığorta bazarına inteqrasiyası üçün imkanları təhlil edirik.

Növbəti illərdə də sığorta bazarı iştirakçıları olaraq beynəlxalq əməkdaşlıq əlaqələrimizi daha da genişləndirməyi planlaşdırırıq.

Sığorta sektoru olaraq 2023-cü ildən başlıca gözləntiləriniz, hədəfləriniz və proqnozlarınız nədən ibarətdir?

İlk suala cavabımda qeyd etdiyim kimi, 2021-ci ildə sığorta sektoru üçün əhəmiyyətli dərəcədə səmərəli oldu. 2022-ci ildən gözləntilərimiz də özünü doğrultdu.

Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci iltarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Strategiyaya əsasən yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə tendensiyası 10% həcmində müəyyənləşdirilib. 2021-ci ildə böyümə 16% həcmində qeydə alındı. Hesab edirəm ki, 2022-ci ilin ümumi cari illik nəticələri açıqlanarkən böyümənin hətta 10%-i ötəcəyini də müşahidə edə bilərik. Çünki müsahibə ərzində də qeyd etdiyim kimi, yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir.

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə olsa belə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edir ki, risk qaçılmazdırsa sığorta da inkarolunmazdır. Çünki həyat, sığorta ilə rahatdır.

Son xəbərlər

Azər Əliyev: "Bu Fərman uğurlu iqtisadi islahatların məqsədyönlü davamıdır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 18 may 2021-ci il tarixdə "Dövlət icbari şəxsi sığortası..

21-05-2021

Sığorta sektoruna nəzarət etmədə uğur paradiqması

Dünya sığorta bazarı ötən ilin əvvəlindən etibarən müşahidə olunan qlobal epidemik və iqtisadi şokların təsiri ilə..

15-04-2021