RU EN

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev “Report”a 2025-ci ildə əsas diqqət yetirilməli risk məsələləri və sahələri barədə açıqlama verib

14-01-2025

Əmlaklara yönəlmiş katastrofik risklər

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev “Report”a bildirib ki, 2025-ci ildə əsas diqqət yetirilməli məsələlərdən biri əmlaklara yönəlmiş katastrofik risklərdir.

“Ötən illərin təcrübəsi göstərir ki, təbii fəlakətlər, məsələn, sel, subasması, yanğın və ya ehtiyatsızlıq nəticəsində baş verən hadisələr daşınmaz və daşınar əmlaka ciddi ziyan vurur. Əgər əmlak sığortalanmayıbsa, bu vəziyyət böyük maliyyə itkiləri ilə nəticələnir. Məsələn, 2024-cü ilin yanvar, aprel və oktyabr aylarında qeydə alınmış qeyri-sabit hava şəraitində baş verən sel və subasması hadisələrini misal gətirmək olar. Xüsusilə, oktyabr ayında normadan artıq yağan yağış nəticəsində sığortalı daşınmaz əmlaklara dəymiş zərərə görə 122 müraciət daxil olmuşdu”, - ASA rəhbəri bildirib.

E. Mirsalayev vurğulayıb ki, təbii fəlakətlər qaçılmazdır və 2025-ci ildə də bu risklər aktual olaraq qalacaq. Bu səbəbdən, onun fikrincə, vətəndaşlar “Daşınmaz əmlakın icbari sığortası” və “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri ilə əmlaklarını mütləq sığortalamalıdırlar.

Statistikaya görə, ötən ilin yanvar-noyabr aylarında “Daşınmaz əmlakın icbari sığortası” üzrə yığımlar bir il öncəki göstərici ilə müqayisədə 2,4 milyon manat, “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə isə 4,1 milyon manat artıb. “Bu göstəricilər vətəndaşların bu növ sığortalara marağının artdığını və bu tendensiyanın davam edəcəyini göstərir”, - deyə E.Mirsalayev əlavə edib.

Avtonəqliyyat riskləri

O hesab edir ki, Azərbaycana hər il böyük sayda avtomobilin gətirilməsi və müxtəlif vaxtlarda qeyri-sabit hava şəraiti səbəbilə görmə məsafəsinin məhdudlaşması avtonəqliyyat risklərinin 2025-ci ildə də aktual olaraq qalacağını göstərir. Bu, sürücülər üçün qəza ehtimalını artırır və əlavə maliyyə xərcləri yarada bilər.

"Belə hallarda, avtonəqliyyat sahibləri iki əsas sığorta növünə diqqət yetirməlidirlər. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” – qəza nəticəsində üçüncü şəxslərə vurulan ziyanı təmin etmək üçün vacibdir. KASKO sığortası isə sürücünün öz avtomobilini zədələrdən və ya oğurluqdan qorumaq üçün tövsiyə olunur.

Statistik göstəricilər bu risklərin qaçılmaz olduğunu təsdiqləyir. Belə ki, ötən ilin yanvar-noyabr aylarında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə həyata keçirilmiş ödənişlər 2023-cü ilin analoji dövrü ilə müqayisədə 28,7 milyon manat, KASKO növü üzrə isə 2,6 milyon manat artıb.

Bu rəqəmlər sürücülərin sığorta məhsullarına marağının artdığını göstərir və sığorta vasitəsilə avtonəqliyyat risklərinin daha effektiv idarə olunmasının mümkün olduğunu bir daha təsdiqləyir", - E. Mirsalayev deyib. 

Tibbi risklər

Mövsümi xəstəlikləri, bəzi hallarda rastlaşdığımız dövri epidemiyaları nəzərə alaraq, 2025-ci ildə tibbi risklərin də aktual olaraq qalacağını göstərir.

Onun fikrincə, bu cür risklərdən qorunmaq və səhiyyə xərclərini azaltmaq üçün “Könüllü tibbi sığorta” mühüm əhəmiyyət kəsb edir. Bu sığorta növü vətəndaşların gözlənilməz xəstəlik hallarında maliyyə yükünü yüngülləşdirərək, lazımi tibbi xidmətlərə daha asan çıxış imkanı yaradır.

Statistikaya əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında “Könüllü tibbi sığorta” üzrə edilən ödənişlər 88 milyon manata çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,6 milyon manat artım deməkdir. "Bu rəqəmlər tibbi sığorta məhsullarına olan marağın artdığını və risklərin qarşısının alınmasında mühüm rol oynadığını sübut edir", - ASA rəhbəri əlavə edib.

Həyati əhəmiyyətli risklər

Onun sözlərinə görə, həyati əhəmiyyətli risklər, xüsusən istehsalatda bədbəxt hadisələr və sağalmaz xəstəliklər fonunda, 2025-ci ildə də ciddi təhdid olaraq qalır. E. Mirsalayev bu risklərin təsirini minimuma endirmək üçün “Həyatın yaşam sığortası”, “Həyatın ölüm halından sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Əmək qabiliyyətinin sığortası” və “İstehsalatda bədbəxt hadisələrə qarşı icbari sığorta” kimi sığorta növlərindən istifadə edilməsini tövsiyə edir.

"Bu məhsullar riskləri idarə etmək üçün effektiv vasitələr təqdim edərək, həm fərdləri, həm də ailələrini gözlənilməz maliyyə yükündən qorumağa imkan yaradır", - o vurğulayıb.

E. Mirsalayev hesab edir ki, 2025-ci ilin gözlənilən risklərinə hazırlıq, sığorta məhsullarından səmərəli istifadə etməklə mümkün olur: "Təbiət hadisələri, nəqliyyat qəzaları, tibbi problemlər və həyati risklər kimi gözlənilməz halların təsirlərini azaltmaq üçün maarifləndirmə və sığorta bazarının inkişafı böyük önəm daşıyır".

Son xəbərlər

Elmar Mirsalayev: “Sığorta sektorumuz davamlı və sabit artıma doğru inamlı addımlarla irəliləyir”

Sığorta risklə dolu həyatımızı gözlənilməz xərclərdən qoruyan unikal mexanizmdir. Məhz buna görə də qlobal sığorta..

09-01-2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ASA ilə görüş keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ASA ilə görüş keçirilib. Azərbaycan Sığortaçılar..

16-12-2024