RU EN

ASA-nın nümayəndə heyəti ilə Milli Məclisin bir qrup deputatı arasında görüş keçirilib

08-07-2022

ASA-nın nümayəndə heyəti ilə Milli Məclisin bir qrup deputatı arasında görüş keçirilib
Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında işgüzar görüş keçirilib.
ASA-dan verilən məlumata görə, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası giriş sözü ilə açaraq Assosiasiyanın nümayəndə heyətini salamlayıb. Komitə sədri bildirib ki, maliyyə sisteminin aparıcı istiqamətlərindən olan sığorta sahəsi komitənin və parlamentin daim diqqət mərkəzindədir. Sektordakı mövcud problemlərin həlli və nəticədə daha ideal və əlçatan sığorta sisteminin təmin olunması istiqamətində parlament olaraq hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə şurasının sədri Azər Əliyev və İcraçı direktor Elmar Mirsalayev öz çıxışlarında parlament üzvlərinə yerli sığorta bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri, eyni zamanda Assosiasiyanın fəaliyyəti haqqında məlumat veriblər. ASA rəhbərliyi eyni zamanda Azərbaycan Mərkəzi Bankının sektorda təmin etdiyi uğurlu və səmərəli nəzarət mexanizmi nəticəsində əldə olunmuş uğurlardan, Mərkəzi Bank, ASA və İSB-nin birgə təşəbbüsü ilə ölkə səviyyəsində həyata keçirilən maarifləndirmə layihəsindən və Assosiasiyanın yerli bazarın inkişafı məqsədi ilə qurduğu beynəlxalq əlaqələrdən söz açıb.
Assosiasiya rəhbərliyi parlamentarilərlə görüşdə təkliflərlə də çıxış ediblər. Bildiriblər ki, seçiciləri ilə mütəmadi olaraq keçirdikləri görüşlərdə parlament üzvlərinin sığorta xidmətlərinə xüsusi diqqət çəkməsi, bununla paralel olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sığorta ilə bağlı mövzuların müzakirəsinə həsr olunmuş iclaslarında Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndə heyətinin dəvətli olaraq iştirakı müsbət nəticələr verə bilər. ASA rəhbərliyinin irəli sürdüyü təkliflər parlament üzvləri tərəfindən razılıqla qarşılanıb və qəbul edilib.

Son xəbərlər

Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu keçirilib

BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində Azərbaycan Mərkəzi..

21-10-2024

ASA xeyriyyə aksiyası keçirib

  Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaq əməyinin istismarına qarşı mübarizə”..

10-10-2024