RU EN

Elmar Mirsalayev: «Sığorta sektorumuz fasiləsiz və stabil artım istiqamətində inamlı addımlarla irəliləyir»

09-01-2025

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev haqqin.az üçün sığorta bazarının artım dinamikası, həyata keçirilən islahatlar və proqnozlarla bağlı fikirlərini bölüşüb.


– 2024-cü ilin yanvar-noyabr ayları üzrə sığorta sektorunun ümumi göstəriciləri açıqlanıb. Mövcud icmal rəqəmlərdə sığorta xidmətlərinə çıxış, eləcə də sığortaya maraq və etimad hansı dərəcədə əks olunub? Həmçinin, bu dövr ərzində sektorun inkişafını təmin etmək üçün hansı islahatlar həyata keçirilib?

– Azərbaycan Respublikasının Mərkəzi Bankı 2024-cü ilin yanvar-noyabr ayları üzrə sığorta bazarı ilə bağlı məlumat yayıb. Əldə olunan nəticələr artım tendensiyasının davamlılığı baxımından ümidvericidir. Belə ki, hesabat dövründə yerli sığorta bazarında sığorta haqları üzrə yığım 1 milyard 222 milyon 166 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur. Sevindirici məqamlardan biri də odur ki, artım yalnız yığımlarda deyil, ödənişlərdə də müşahidə olunub. Beləliklə, cari ilin yanvar-noyabr aylarında baş vermiş sığorta hadisələri üzrə 694 milyon 53 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,5% çoxdur.

Bundan əlavə, qeyd etmək lazımdır ki, yığımların artımına sektorun təklif etdiyi sığorta növlərinin əksəriyyəti təsir göstərib. Artıma aktiv töhfə verən sığorta növləri arasında:

  • yığım həyat sığortası (+84,3 mln manat),

  • könüllü avtonəqliyyat vasitələrinin sığortası – Kasko (+10,9 mln manat),

  • icbari avtonəqliyyat məsuliyyət sığortası – İcbari Sığorta (OSAGO) (+6,4 mln manat),

  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta (+5,1 mln manat).

Xüsusilə vurğulamaq istərdim ki, sektorda müşahidə olunan dinamik və planlı artım ölkəmizdə sığorta sektorunun nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankının məqsədyönlü tənzimləmə siyasətinin parlaq göstəricisidir.


– Bu dövr ərzində sektorun inkişafına təkan verən hansı konkret islahatlar həyata keçirilib?

– Azərbaycan Mərkəzi Bankı, Sığortaçılar Assosiasiyası və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində sığorta sektorunun inkişafına xidmət edən bir sıra mühüm islahatlar həyata keçirilib.

Əvvəlcə həyat sığortasında son dövrlərdə aktuallaşan yenilikləri qeyd etmək istərdim. Belə ki, Mərkəzi Bankın qərarı ilə **“Borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması Qaydaları”**na və **“Banklarda kredit risklərinin idarə olunması Qaydaları”**na dəyişikliklər təsdiq edildi. Bununla da istehlak krediti alan vətəndaşların həyat sığortası məhsulunun əhatə dairəsi genişləndirildi və ona çıxış şərtləri sadələşdirildi. Artıq istehlakçıların istifadəsinə verilmiş bu yenilənmiş məhsul – “Kredit həyat sığortası” vətəndaşların həyat risklərinə qarşı optimal şərait yaradacaq, eyni zamanda ölkədə mənfi kredit tarixçəsi probleminin aradan qaldırılmasına da kömək edəcək.

İki il əvvələ nəzər salsaq, daşınmaz əmlak sığortası ilə bağlı uzunmüddətli problemin həlli istiqamətində mühüm addım atıldığını görərik. Belə ki, 1 iyun 2023-cü ildən daşınmaz əmlakın icbari sığortası və onun istismarı ilə bağlı icbari məsuliyyət sığortası üzrə polisələr yalnız elektron formada verilməyə başlandı. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası tamamlandı və nəticədə daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət mexanizmi formalaşdırıldı.

Cari dövr avtonəqliyyat vasitələrinin icbari məsuliyyət sığortasında da islahatlarla yadda qaldı. Belə ki, ölkəmizdə fəaliyyət göstərən və bu sahə üzrə lisenziyası olan bütün qeyri-həyat sığorta şirkətləri sığorta polisələrinin tam elektron verilməsini təmin etdilər. Bundan əlavə, Azərbaycanda OSAGO üzrə “Birbaşa zərərin ödənilməsi sistemi” tətbiq edildi. Bu mexanizm hələ də bəzi inkişaf etmiş ölkələrin sığorta bazarları üçün arzu olunan bir modeldir. Yeni sistem zərərlərin daha obyektiv tənzimlənməsini təmin etməklə istehlakçı məmnuniyyətini artırdı. Eyni zamanda, əsas sığorta haqqı saxlanılmaqla yeni risk əmsalları tətbiq olundu ki, bu da sığortada ədalətli yanaşmanı təmin etdi.

Bütün bunlarla yanaşı, sektorun inkişafı üçün islahatların davam etməsi zəruridir. Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası yerli sığorta bazarı üçün strateji yol xəritəsi rolunu oynayır. Bu sənədə əsasən yaxın illərdə sığorta xidmətlərinin əhatə dairəsinin 3 dəfə artırılması və sığortanın ÜDM-də payının 5%-ə çatdırılması hədəflənib.


– Ölkəmizdə sığorta mədəniyyətinin səviyyəsi hələ də istənilən qədər yüksək deyil. Bu istiqamətdə sektor hansı işləri görür?

– Maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyi dövrdə əhalinin maliyyə savadlılığının, xüsusilə də sosial-iqtisadi müdafiə mexanizmi olan sığorta sahəsində maariflənməsinin artırılması bu günün və gələcəyin vacib məsələsidir. 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında Maliyyə savadlılığının artırılması üçün əhalinin maarifləndirilməsi və təbliğat tədbirlərinin sistemli həyata keçirilməsi barədə Anlaşma Memorandumu imzalanıb. Artıq 4 ildir ki, əhalinin sığorta savadlılığının artırılması istiqamətində ardıcıl addımlar atılır.

Maarifləndirmə çərçivəsində sosial şəbəkələr və media vasitəsilə aktiv məlumatlandırma işləri aparılır, iqtisadiyyatın müxtəlif sahələrində çalışan şəxslər üçün mütəmadi olaraq sığorta seminarları təşkil olunur.

Həmçinin, artıq ikinci ildir ki, ölkəmizdə genişmiqyaslı “Sığorta festivalı” keçirilir. Bu tədbir əhalinin sığorta barədə məlumatlılığının artırılmasında mühüm rol oynayır. Gördüyümüz işlərin nəticəsi isə yığımlardakı artım dinamikasında öz əksini tapır.


– Azərbaycan Sığortaçılar Assosiasiyası son illərdə beynəlxalq arenada da çox fəaldır. 2024-cü ildə hansı uğurlar əldə etdiniz?

– Beynəlxalq əlaqələr xüsusilə dünya təcrübəsinin öyrənilməsi və qloballaşma baxımından böyük əhəmiyyət daşıyır. Biz də sığorta sektoru olaraq digər ölkələrin bazarları ilə əməkdaşlıq edir, onların ən yaxşı təcrübələrindən yararlanır və öz təcrübəmizi bölüşürük.

Assosiasiya mütəmadi olaraq beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində işləyir. Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Macarıstanla sıx işgüzar münasibətlər qurulub. Biz həmçinin Qlobal Sığorta Assosiasiyaları Federasiyasının və Avropa Sığorta Assosiasiyasının daimi üzvüyük.

Qürurla qeyd etmək istərdim ki, bir neçə il əvvəl Türkiyə Sığorta Birliyi ilə qurulan qarşılıqlı əməkdaşlıq artıq yalnız iki ölkəni deyil, bütün türk dünyasını əhatə edir. Belə ki, 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta assosiasiyalarının iştirakı ilə dünyada ilk dəfə olaraq “Türk Dünyası Sığorta Birliyi” yaradıldı. Bu təşəbbüs tezliklə Türk Dövlətləri Təşkilatının diqqətini cəlb etdi və hazırda birlik Təşkilatın strukturlarına daxil edilmək istiqamətində işlər aparılır. Əminik ki, bu birlik türk dövlətlərinin sığorta bazarlarının inkişafı üçün yeni imkanlar yaradacaq.

Bundan başqa, 2024-cü ildə Azərbaycan Beynəlxalq Sığorta Forumunun keçirilməsi bərpa olundu və bu il 10-cu forum təşkil edildi. İlk dəfə olaraq yeni sığorta texnologiyalarına həsr olunmuş InsurTech Sammiti də keçirildi. Belə beynəlxalq tədbirlər sığortada ən yaxşı dünya təcrübələrinin öyrənilməsi üçün unikal imkandır.


– Cari ilin yekunları və 2025-ci ildən gözləntiləriniz nələrdir?

– Bu gün əminliklə deyə bilərik ki, sığorta sektorumuz fasiləsiz və stabil artım istiqamətində inamlı addımlarla irəliləyir. Əminik ki, bu artım tendensiyası növbəti illərdə də davam edəcək. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”“Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” sənədlərində sığorta bazarı üçün illik artım hədəfi 10% olaraq müəyyənləşdirilib. Sevinclə qeyd edim ki, artıq ikinci ildir ki, sektor bu hədəfi üstələyir: 2022-ci ildə artım 18%, 2023-cü ildə isə 26% olub.

2024-cü ilin yekunlarına dair gözləntilərimizə gəlincə, sığorta yığımlarının 1 milyard 400 milyon manatı keçəcəyi proqnozlaşdırılır. Bu isə ötən illə müqayisədə 10%-dən çox artım deməkdir.

Sığorta haqlarındakı bu artım əhalidə sığortalananların sayının artdığını göstərir. Sığortalıların çoxalması isə sığortaya etimadın güclənməsi deməkdir. Biz şadıq ki, vətəndaşlarımız artıq öz risklərini dərk edir, onları idarə etmək üçün sığortadan istifadə edir və anlayırlar ki, sığorta ilə həyat daha rahatdır. Hər zaman inanmışıq ki, güclü sığorta güclü iqtisadiyyat deməkdir, güclü iqtisadiyyat isə güclü Azərbaycandır.

Son xəbərlər

Sığorta sektoru davamlı inkişafı fəal dəstəkləyir

Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin..

07-02-2026

Sığortalı cəmiyyət, dayanıqlı gələcək...

Sığorta sektoru hər bir ölkənin maliyyə təhlükəsizliyinin, iqtisadi sabitliyinin və sosial dayanıqlığının mühüm..

01-07-2025