Press-Reliz
Sığortaçıların dekabr ayı üçün reytinq cədvəli açıqlanıb.
    • 09-01-2019
    • Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin dekabr ayı üçün olan nəticələrini açıqlayıb. 2018-ci ilin və dekabr ayının yekunlarına əsasən Birliyin rəsmi saytında (www.asa.az) indiyədək vətəndaşlar tərəfindən sığorta şirkətləri barədə 222 rəy bildirilmişdir. Bu rəylərdən 111-i “təsdiqlənmiş”, 12-si isə “həll edilmiş” kateqoriyasına daxil olmuşdur. Dekabr ayının nəticələrinə görə “A-Group Sığorta” şirkəti 31 balla müştəri məmnuniyyətinin təmin olunması baxımından yenidən reytinq cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Şirkət barədə saytda ümumi 23 müsbət rəy qeyd olunub ki, bu rəylərin hər biri Birlik tərəfindən araşdırılıb və həqiqiliyi öz təsdiqini tapıb. Reytinq cədvəlinin ikinci pilləsi “Atəşgah Sığorta” şirkətinə məxsusdur. Şirkət ümumi 38 rəy əsasında 30 bal toplayıb. Barəsində qeyd olunmuş 3 rəylə 6 bal toplayan “Qala Həyat Sığorta” şirkəti cədvəldə 3-cü pillədə mövqe tutub. 4 və 5-ci yerləri hər biri 1 balla “Xalq Sığorta” və “PAŞA Sığorta” şirkətləri bölüşüb. Xidmət səviyyəsi -3 və -8 intervalında qiymətləndirilərək cədvəlin 18-22-ci yerlərini formalaşdıran şirkətlərin siyahısına daxildir: “AzSığorta” – -3 bal, “Günay Sığorta” – -4 bal, “Meqa Sığorta” – -5 bal, “AtaSığorta” – -7 bal və “AzərSığorta” – -8 bal. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi sığorta şirkətlərinin xidmət və müştəri məmnuniyyəti səviyyəsi və sığortaçıların reytinq cədvəlinin müəyyən edilməsi üçün müştəriləri bundan sonra da sığorta şirkətlərinin xidmət və fəaliyyətini dəyərləndirmək sahəsində aktiv olmağa dəvət edir.