Qeyri-həyat sığortası bazarı 6%-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, şirkət ilk 9 ayda 37,5 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Paşa Həyat Sığorta”nın yığımları 31,7 milyon manat, “Azərsığorta” DSKŞ-nin yığımları 30,9 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (30,2 milyon manat) və “AzSığorta” (27,4 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 50%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (712 min manat), “Era-Trans” (403 min manat), “Azərqarant” (361 min manat), “Günay Sığorta” (144 min manat) və “Çartis Azərbaycan” (41 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,66 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.
Ümumilikdə 28 sığorta şirkətinin 10-da sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 5 şirkətdə 5-10 milyon manat arasında, 7 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 17-də isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə isə lider “Atəşgah Həyat” sığorta şirkətidir – 20,7 milyon manat. Sonrakı yerləri “Paşa Sığorta” (20 milyon manat), “Atəşgah” (10,2 milyon manat), “Azərsığorta” DSKŞ (9,9 milyon manat) və “AXA MBASK” (7,5 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 68,3 milyon manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 59%-i qədərdir. 
Ən az ödəniş edən şirkətlər isə “İpək Yolu Sığorta” (286 min manat), “Era Trans” (260 min manat), “Günay Sığorta” (69 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8314 manat) və “Çartis Azərbaycan” (693 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 670 min manat olub ki, bu da ümumi ödənişlərin 0,6%-ni təşkil edir.

Ümumilikdə 28 sığorta şirkətinin 3-də sığorta ödənişlərinin məbləği 10 milyon manatdan artıq, 6 şirkətdə 5-10 milyon manat arasında, 9 şirkətdə 1-5 milyon manat arasında, 10 şirkətdə isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 16-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.