Həyat sığortası bazarı 49% böyüyüb

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9%-i və ya 85 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, ötən ilin eyni dövrüylə müqayisədə həyat sığortası bazarı 28 milyon manat və ya 49,1% böyüyüb.

Həyat sığortası üzrə yığımların 51,7%-i və ya 43,9 milyon manatı həyatın yaşam sığortasının, 31,5%-i və ya 26,7 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,5%-i və ya 14 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 336 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 10 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 25,5 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 19,4%-ni təşkil etməklə, 2013-cü ilin eyni dövrünə nisbətən 22,2 milyon manat və ya 7,6 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 88%-i və ya 22,5 milyon manatı həyatın yaşam sığortasının, 8%-i və ya 2,05 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 3,7%-i və ya 941 min manatı həyatın ölüm halından sığortasının, cəmi 62500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 30 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar -oktyabr aylarında isə bu göstərici 5,9 manat olub.