Azərbaycanın sığorta bazarının 65%-i könüllü
formalaşıb

Bu ilin yanvar - oktyabr aylarında sığorta haqlarının 64,5%-i və ya 229,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Fins.az-ın Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% və ya 6,3 milyon manat çoxdur.

İcbarı sığorta növləri üzrə yığım isə 126,5 milyon manat və ya bazarın 35,5%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 10,5% və ya 12 milyon manat artıb.
2014-cü ilin ilk 10 ayında ümumi ödənişlərin 73,6%-i və ya 96,8 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 40,8% və ya 28 milyon manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 14,6% və ya 4,4 milyon manat artaraq 34,6 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,2 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar - oktyabr aylarında isə bu göstərici 30,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə ötən ilki 26,4 manatdan 27,4 manata qalxıb.