28 sığorta şirkətindən 18-i geriləyib

Yanvar-oktyabr aylarında Azərbaycandakı sığorta şirkətlərindən 10-da sığorta haqlarının artımı, 18-də isə azalması qeydə alınıb. Bu barədə Fins.az  Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən məlumat verir.

 

Bazarın yarısı 5 şirkətin nəzarətindədir

Bu ilin yanvar-oktyabr aylarında toplanmış sığorta haqlarının həcminə görə, ilk yeri “Paşa Sığorta” tutur. Şirkət ilk 10 ayda 45,6 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Azərsığorta”nın yığımları 37,2 milyon manat, “Paşa Həyat Sığorta”nın yığımları 35,1 milyon manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Atəşgah Həyat Sığorta” (32,6 milyon manat) və “AzSığorta” (30,7 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

 

Ən az sığorta haqqı toplayanlar

Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (858 min manat), “Era-Trans” (415 min manat), “Azərqarant” (361 min manat), “Günay Sığorta” (154 min manat) və “Çartis Azərbaycan” (152 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,94 milyon manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.

Ümumilikdə 28 sığorta şirkətinin 11-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 5 şirkətdə 5-10 milyon manat arasında, 6 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 10-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

 

Ödənişlərin 58%-ni 5 şirkət edir

Sığorta ödənişlərinin məbləğinə görə də ilk yeri “Paşa Sığorta” tutur – 22,7 milyon manat. Sonrakı yerləri “Atəşgah Həyat Sığorta” (21,6 milyon manat), “Atəşgah” (12,2 milyon manat), “Azərsığorta” DSKŞ (10,8 milyon manat) və “AXA MBASK” (8,7 milyon manat) şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 76 milyon manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 58%-i qədərdir. 

 

Ən az ödəniş edən şirkətlər

Ən az ödəniş edən şirkətlər isə “Əmrah Sığorta” (374 min manat), “İpək Yolu Sığorta” (312 min manat), “Günay Sığorta” (69 min manat), “Azərqarant” (48 min manat), “Royal Sığorta” (8314 manat) və “Çartis Azərbaycan” (1543 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 812 min manat olub ki, bu da ümumi ödənişlərin 0,6%-ni təşkil edir.

 

19 şirkətdə ödənişlər artıb, 9-da azalıb

Ümumilikdə 28 sığorta şirkətinin 4-də sığorta ödənişlərinin məbləği 10 milyon manatdan artıq, 5 şirkətdə 5-10 milyon manat arasında, 12 şirkətdə 1-5 milyon manat arasında, 7 şirkətdə isə 1 milyon manatdan aşağıdır. Şirkətlərdən 19-da sığorta ödənişlərinin artımı, 9-da isə azalması baş verib.