İstehsalatda bədbəxt hadisələrdən və peşə
xəstəliklərindən icbari sığorta

İşləyən insanların müdafiəsi üçün ən mühüm sığorta növüdür. Bu sığorta iş yerində insanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların əmək qabiliyyətinin itirilməsi və ya ölümünə görə sığorta ödənişini nəzərdə tutur. Özü də bu tələb Azərbaycanda fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər, eləcə də dövlət orqanlarına aiddir.

Bu sığorta növü üzrə sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqlənir və qulluqçular üçün (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) 0,2-0,5% arasında; fəhlələr üçün 0,4-2,0% arasında dəyişir.

İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta işçinin əmək qabiliyyətinin itirilməsi zamanı da ona və ailəsinə mühüm dəstək olur.

Məsələn: illik əmək haqqı fondu 6 min manat (aylıq 500 manat) olan 42 yaşlı işçi qəzas nəticəsində əmək qabiliyyətinin 60%-ni həmişəlik itiribsə, sığorta şirkətindən 44 875 manat birdəfəlik ödəniş alır. Əgər həmin şəxs əmək qabiliyyətini bir il müddətinə 60% itiribsə, sığorta şirkəti ona hər ay 300 manat, yəni aylıq əmək haqqının 60%-ni ödəyəcək və s.

Bu sığorta növü üzrə ödənişlər 3 formada mümkündür: aylıq, birdəfəlik və əlavə sığorta ödənişi.

Bu sığorta növünün işəgöturənlər üçün əhəmiyyəti işçilərdən də böyükdür. Məsələ bundadır ki, qanunun tələblərinə görə, iş yerində işçinin başına hər hansı hadisə gəlsə, o hətta sığortalanmamış olsa da, ona dəyən zərəri işə götürən ödəməlidir. Başqa sözlə, işçinin sığortalı olmaması işəgötürəni məsuliyyətdən azad eləmir. Əksinə, əgər işçi sığortalanmayıbsa işəgötürən tərəf ikiqat ziyana düşəcək. Yəni bədbəxt hadisə baş versə, işəgötürən işçiyə dəyən zərərlə yanaşı, indiyədək onu sığorta etdirmədiyi üçün cərimə də ödəməli olacaq.