Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası

Avtomobil sahibinin qəza zamanı digər şəxslərə vurduğu zərərə təminat verir. Yəni qəza zamanı avtomobil sahibinin günahı üzündən hər hansı şəxsin avtomobilinə və ya səhhətinə zərər dəyərsə, bu zərəri sığorta şirkəti ödəyəcək.

Qanuna əsasən, qəza nəticəsində digər avtomobilə dəyən zərərə görə maksimum 5000 manat, şəxslərin sağlamlığına dəyən zərərə görə isə maksimum 50 000 manat ödənilir.

Bu sığorta növünün qiyməti avtomobillərin göstəricilərindən - mühərrikinin həcmindən, sərnişin yerlərinin sayından, yük götürmə qabiliyyətindən asılı olaraq dəyişir. Mühərrikin həcmi, sərnişin yerlərinin sayı və yük götürmə qabiliyyəti artdıqca, sığorta tarifi də yüksəlir.

Məsələn, mühərrikinin həcmi 1500 kub santimetr olan avtomobillər üçün sığorta haqqı 50 manat olsa da, 1500-2000 kub santimetr olan avtomobillərdə bu məbləğ 75 manata, 2000-2500 kub santimetrlik avtomobillərdə 100 manat və s. nəzərdə tutulur.

Icbari sığorta tarifləri sürücünün sığorta tarixçəsindən, yəni intizamlı olub-olmamasından də asılıdır. Bonus-Malus sisteminə əsasən intizamlı sürücülər üçün sığorta tarifi aşağı, tez-tez qəza törədən sürücülər üçün isə yüksək olacaq. Qəzasız başa çatan hər ilə görə, növbəti il sığorta tarifi azalacaq. Qəza törədəndə isə sığota tarifi növbəti il artacaq. Bu sistemdə sürücülər intizamlılığına görə, 17 sinifə bölünüb. 1-ci və 17-ci sinifə aid olan sürücülər üçün sığorta tarifləri bir-birindən təqribən 7 dəfə fərqlənir.

Məsələn, 1-ci sinifə daxil olan sürücü «ВAZ 2107» avtomobilini icbari sığortalamaq üçün 225 manat vəsat ödəməlidirsə, 17-ci sinifə daxil olan sürücü bunun üçün cəmi 34 manat ödəyəcək.

Sığorta tarifləri avtomobilin fərdi və ya hüquqi şəxsə məxsus olmasından da asılıdır - avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda, sığorta tarifləri 20% artıq hesablanır.

Avtomobillərin icbari sığortasının olmasına Dövlət Yol Polisi nəzarət edir. Icbari sığortası olmayan avtomobil sahibləri üçün cərimə nəzərdə tutulub.

Diqqət: Avtomobillərin icbari sığortası yalnız Azərbaycan ərazisində keçərlidir. Yəni bu sığorta avtomobil sahibinin  xarici ölkədə törətdiyi qəzaya görə, digər şəxslərə vurduğu zərəri əhatə etmir.