Tibbi sığorta bazarı niyə artıb? - STATİSTİKA

İqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir. Fins.az saytına istinadən, məlumatına görə, bu ilin 7 aylıq göstəricilərinə görə, tibbi sığorta üzrə yığımlar 21,7% artaraq 56,560 milyon manat təşkil edib. Halbuki,  ötən ilin eyni dövründə bu rəqəm 46,445 milyon manat olub.

Tibbi sığortada yığımlarla yanaşı, ödənişlər 22,1% artıb.Belə ki, ötən ilin yanvar-iyul aylarında könüllü tibbi sığorta müraciətləri üzrə ödəniş xərcləri 28,654 milyon manat təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 34,992 milyon manat olub.

7 aylıq nəticələrə əsasən tibbi sığortada zərərlilik cüzi artıb. Şirkətlər  topladıqları hər 100 manatdan 61,8 manatını geri qaytarıblar.Ötən ilin eyni dövründə bu rəqəm 61,7 manat olub.

Sığorta ekspertləri tibbi sığorta bazarında  baş verən artımın təbii olmadığı deyirlər. Belə ki, hazırda iqtisadi durğunluq şəraitində könüllü növlərdə azalma müşahidə edilirsə, bu öz növbəsində tibbi sığortada da özünü göstərməlidir. Ekspertlər hesab edirlər ki, bu bağlanan sığorta şirkətlərində  iri korporativ müştərinin müqaviləyə xitam verməsindən sonra  başqa şirkətlə yenidən müqavilə bağlaması hesabına ola bilər. Tibbi sığorta ödənişlərinin artması isə təbii prosesidir. Belə ki, dolların bahalaşması dərman və tibbi ləvazimatların qiymətlərini xeyli artırıb. Bu isə müraciətlər üzrə ödənişlərin artmasına gətirib çıxarıb.