Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəylinin sığorta bazarının cari durumu və inkişaf perspektivləri barədə müsahibəsi
    • 19-08-2018
    • Bu gün sığorta şirkətlərində investisiya portfelinin diversifikasiyası nə dərəcədə aktualdır?

      Nəzərə alsaq ki, sığorta şirkətlərinin gəlirləri yığımla ödənişlərin fərqindən deyil, əldə olunan vəsaitlərin investisiyasından əldə olunur, bu vəsaitlərin diversifikasiyası mühüm əhəmiyyət kəsb edir. Bu gün risklərin sığortalanması əvvəlki dövrlərə nisbətən daha da aktualdır. Yaxın keçmişdə xeyli sığorta şirkətinin vəsaitləri müflis olan banklarda tələf oldu. Təxmini hesablamaya görə 10-15 mln. manat civarında vəsait birdəfəlik itirilmiş hesab olunur. Bu baxımdan, bu gün sığorta şirkətlərində hətta banklarla müqayisədə də tələblər çox sərtdir. Sığorta şirkətlərinin vəsaitlərinin bir yox, bir neçə bank arasında paylanması mütləqdir.

      Problemli sığorta şirkətlərinin konsolidasiyası nə dərəcədə realdır?

      Bu gün həqiqətən 3-4 şirkət kapitalla bağlı problemlər yaşaya bilər. Nəzarət orqanı tərəfindən onlara bu vəziyyəti düzəltmək üçün vaxt verilib. Onlar (şirkətlər), bu zamandan səmərəli istifadə edərək satışları artırmalı, maliyyə sabitliyini korrektə etməlidirlər. Belə olan halda, onların bazarda qalma ehtimalı xeyli artır. Assosiasiya olaraq, biz hər hansı bir şirkətin bazardan çıxmasını istəmirik və alternativ kimi konsolidasiya məsələsinin hər zaman masada olduğunu deyirik. Bank sektorunda bunun nümunəsini CDB və AtaBankın timsalında gördük. Birləşmə tək kapitalın iki qat artımı deyil, o həm də ümumi işin həcminin 3-4 dəfə artmasına gətirib çıxarır. Ancaq yekun qərar yenə də, həmin şirkətlərin özlərinə qalır.

      Kənd təsərrüfatı sığortası niyə zəif inkişaf edir?

      Bu gün kənd təsərrüfatı sahəsində hesabatlılıq, sığorta şirkətlərini qane edən səviyyədə deyil. Bu onunla bağlıdır ki, sığorta şirkətlərində düzgün təhlillərin aparılması üçün real rəqəmlərə ehtiyac var. Lakin vəziyyət yaxın vaxtlarda kökündən dəyişə bilər. Belə ki, bu ilin sonuna "Kənd Təsərrüfatı sığortası" haqqında Qanunun qəbulu gözlənilir. Bundan sonra Türkiyənin “TARSİM” modelinin Azərbaycanda tətbiqinə start veriləcək. Həmin model müəyyən mənada Azərbaycanda kənd təsərrüfatı sığortaları üçün “hovuz ” rolunu oynayacaq, yəni şirkətlər aldıqları riskləri ora atır və hadisə baş verdikdə elə oradan da ödənişlər həyata keçirilir. Bu rolu Azərbaycanda adı çəkilən qanunun qəbulundan sonra yaradılacaq “Aqrar sığorta fondu” üstlənəcək. Bu zaman qiymətləndirmə, fondun seçdiyi müstəqil ekspertlər tərəfindən həyata keçiriləcək.

      Daşınmaz əmlakın icbari sığortasının inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

      Bizim apardığımız hesablamaya əsasən daşınmaz əmlakın icbari sığortası 300 mln. manatlıq bir bazara sahibdir. Lakin təəsüflər olsun ki, bu sığorta növü üzrə yığımların payı 10% təşkil edir. Bazarın potensialını nəzərə alaraq bu istiqamətdə artıq işlərə başlanıb. Konkret olaraq, Daşınmaz əmlakın dövlət reyestr xidməti ilə inteqrasiya məsələləri həll olunur. Bu məsələnin həllindən sonra bizim qiymətləndirmə aparmaq üçün geniş bazamız olacaq. Hansı sayda sığortasız əmlakın olması haqda konkret məlumat əldə olunacaq. Və növbəti mərhələ kimi daşınmaz əmlakla bağlı əməliyyat aparıldıqda sığortanın tələb olunması, qanunvericiliyə uyğun olaraq cərimələrin tətbiqi və onun işlək mexanizmə gətirilməsi kimi istiqamətdə addımlar atılacaq. Bir məsələni xüsusi ilə vurğulamaq istəyirəm ki, əsas məqsəd vətəndaşları cərimələmək yox, onlara sığorta vərdişlərini aşılamaqdı.

      İpoteka və Zəmanət Fondunun sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış etməsini necə dəyərləndirirsiniz?

      Burada söhbət həyat sığortasından gedir ki, biz onun yüksək olduğunu hesab etmirik. Məsələ ondadır ki, bu sahədə kifayət qədər böyük təminatlar var, o cümlədən, hərbi risklər, döyüş zonalarında olan təminatlar, 1-ci və 2-ci qrup əlilliklə bağlı təminatlar. Bu baxımdan tariflər heç də yüksək deyil. Lakin biz sığorta şirkətlərinin də iştirakı ilə İpoteka və Zəmanət Fondu ilə aparılan danışıqların nəticəsində belə bir qənaətə gəldik ki, müəyyən sığorta haqlarını bir az azaltmaqla sığortanı daha əlçatan edə bilərik. Bildiyim qədəri ilə sığorta haqlarının azaldılması istiqamətində bəzi şirkətlər tərəfində artıq konkret addımlar atılıb.

      Audatex-in Azərbaycana gətirilməsi istiqamətində görülən işlər hansı mərhələdədir?

      Audatex-in bu gün tətbiqi sığorta şirkətlərinin standartlaşmasına gətirib çıxaracaq. Biz iki modeli nəzərdən keçirmişik. Bu hərrac və amortizasiyadır. Assosiasiya olaraq biz sonuncunun üzərində dururuq. Bu model qiymətləndirmənin proqram təminatı vasitəsilə aparılmasını nəzərdə tutur. Bizim apardığımız hesablamaya görə, bu zaman 0-65% diapazonunda amortizasiya (aşınma) əmsalı tətbiq olunacaq.

      Burada da vəziyyət birmənalı deyil. Bəzi şirkətlər daha çox hərrac modelinə meyl göstərirlər. Lakin burada da bir məqam var ki, o da sığorta şirkətləri ilə avtoservislər arasında ödənişlərin nağdsız aparılmalı olmasıdır. Ancaq nədənsə, onlar (şirkətlər) hesablanmış zərəri birbaşa müştərinin bank hesabına köçürməyə üstünlük verirlər. Birinci metoda üstünlük verməyimizin əsas səbəbindən biri də odur ki, bu modeldə həmin ziddiyyət aradan qalxır. Belə ki, ödəniş sxemi eyni qalır, qiymətləndirmə isə avtomatlaşmış qaydada aparılır və insan faktoru heçə enir. Bilirsiniz ki, insanlarda şüuraltı deyə bir şey var, görəndə ki, qiymətləndirmə şirkətin işçiləri və ya onunla əməkdaşlıq edən avtoservis tərəfindən aparılır, etimadsızlıq yaranır və bu da öz növbəsində mübahisələr doğurur.

      Mübahisələrə gəlmişkən, bu sahədə vəziyyət nə yerdədir?

      Bir çox şirkətlərdə mübahisəli vəziyyətlər demək olar ki, heç səviyyəsindədir. Bura, əsasən maliyyə vəziyyətləri yaxşı olan şirkətlər daxildir. Onlar heç bir vəchlə işgüzar nüfuzlarına xələl gəlməsinə yol vermirlər və müştəri məmnunluğunu prioritet tuturlar. Ancaq bu cür yanaşma heç də hamıya şamil olunmur. Maliyyə sabitliyi aşağı olan şirkətlərdə mübahisəli halların dinamikasında artım var.

      Bu gün Assosiasiya mübahisələrin məhkəmədən kənar həll olunması istiqamətində çox ciddi işlər aparır. Konkret olaraq beynəlxalq təcrübədə mübahisələrin həllində çox geniş istifadə olunan mediasiyanın Azərbaycanda tətbiqi istiqamətində iş gedir. Artıq sığorta şirkətləri ilə bu sahədə müqavilələrin bağlanması ərəfəsindəyik. Mediator funksiyasını üzərinə götürəcək şirkət də seçilib. Bu mediasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik olan yerli “ARBME” şirkətidir. Mübahisələrin bu yolla həlli 1-30 gün ərzində həyata keçiriləcək. Burada əsas məqsəd tərəflərə məhkəmə ilə bağlı yaranacaq bütün xərcləri və vaxt itkisini əvvəlcədən hesablayıb ortaya qoymaqla, onları (şirkət və müştərini) orta məxrəcə gəlməyə təşviq etməkdir. Gözləyirik ki, artıq bu ilin sonuna bu mexanizm işləməyə başlayacaq.

      (finans.az)