İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovla müsahibə
    • 26-07-2018
    • Rəşad bəy, İSB sığorta ödənişlərinin tənzimlənməsi ilə bağlı layihə üzərində işləyir. Lahiyə nədən ibarətdir?

      Müxtəlif modellər var. Beynəlxalq təcrübənin araşdırılması davam edir. Bundan sonra hansı modelin seçilməsinə qərar veriləcək. Burada Belçika modeli, Rusiya modeli də var. Birbaşa tənzimləmə sığorta bazarında mütləq tətbiq ediləcək. Çünki  sığortaya olan inam xüsusilə önəmlidir. Məlumdur ki, sığorta ödənişləri ilə bağlı çox saylı şikayətlər var idi. Bu şikayətlərin aradan qaldırılması üçün stabil qiymətlərlə sığorta ödənişlərinin həyata keçirilməsi çox vacibdir. Biz inanırıq ki, proses tamamlanandan sonra könüllü avtomobil sığorta növlərinin inkişafına da nail olunacaq.

      Avtomobillərin icbari sığortasında yeni qayda ilə ödəniş necə veriləcək?

      Sığorta şirkəti həm satış həyata keçirir, həm də öz sığortalısının hadisə ilə qarşılaşması anında özü də sığorta ödənişini həyata keçirir. Daha sonra zərərvuran tərəfin sığorta şirkəti hansıdırsa subroqasiya qaydası ilə zərəri digər sığorta şirkətinə ödəməli olacaq. Birbaşa tənzimləmə ona görə lazımdır ki, gələcəkdə subroqasiya qaydasının tətbiqi zamanı şirkətlər arasında problem yaranmasın. Yəni, digər sığorta şirkəti deməməlidir ki, ödəniş edən şirkət daha yüksək dəyərləndirmə edib, ona görə ödəniş etmək istəmirik və s. Amma sistem tətbiq ediləndən sonra artıq vahid qiymətləndirmə  olacaq. Yəni, müştəri hansı sığorta şirkətində sığortalanmasından aslı olamayaraq eyni ödənişi ala biləcək.

      Bu, sığorta ödənişlərinin verilməsini nə dərəcədə operativləşdirə biləcək?

      Bu proses qısa zamanda tamamlansa və İT sistemi  sürətli işləməyə başlasa sığorta ödənişlərinin verilməsi 7-8 gündən 3-4 günə düşə bilər. Sığorta ödənişlərinin daha sürətli verilməsi üçün bundan əlavə fərqli tədbirlər də həyata keçiririk. Buna dövlət orqanlarından alınan ərizələri aid edə bilərik. Söhbət DİN qurumlarından əldə edilən “Forma 3” və “Forma 4”ün elektron qaydada verilməsindən gedir. Belə ki, sığorta şirkətləri müvafiq qurumlara lazımı sənədin alınması üçün məktub ünvanlayır. Bu məktubun ünvana çatması və sənədin verilməsi müəyyən qədər vaxt aparır. Həmin sənədlərin elektron qaydada verilməsi isə sığorta ödənişinin verilməsi prosesini bir qədər də sürətləndirəcək. İnsanlar daha az zaman sərf edəcəklər. Ümumilikdə isə bu proses sığortaya inamın artmasına səbəb olacaq. İcbari sığorta ilə bağlı planlaşdırdığımız bütün tədbirlərin, o cümlədən xarici təcrübələrin öyrənilməsində əsas məqsəd ondan ibarətdir ki, icbari sığorta könüllü sığorta növlərinin inkişaf etməsində katalizator rolunu oynasın. Çünki könüllü sığorta növlərində bazarın potensialı dəfələrlə çoxdur. İcbari sığorta mütləq bu bazarın inkişafı üçün motor olmalıdır.

      Rəşad bəy, bizdə olan məlumata görə, İSB 1000 manata qədər ödənişlərin tez verilməsi üçün yeni bir aplikasiya hazırlayır.

      İstər 1000 manata qədər, istərsə də 1000 manatdan yüksək ödənişlər üçün mobil aplikasiya üzərində çalışırıq. Məqsəd müştərilərə daha operativ xidmət təqdim etməkdir. Sənədlərin toplanması,şəkillərin verilməsi, hadisələrin anında sığorta şirkətinə çatdırılması və s. bu kimi məsələlərlə bağlı da hədəflərimiz var. Elə bir forma nəzərdə tuturuq ki, bundan sığorta şirkətlərinin bütün müştəriləri istifadə edə bilsin. Düşünürəm ki, 2018-ci ilin sonuna kimi bu yenilik də tətbiq ediləcək.

      Digər icbari sığorta növləri ilə bağlı İSB hansı işlər görməyi planlaşdırır? Məsələn, daşınmaz əmlakın icbari sığortası. Böyük potensial var, amma bu sığorta üzrə göstəricilər çox aşağıdır.

      İSB-nin tədbirlər planı çərçivəsində daşınmaz əmlakın icbari sığortası ilə bağlı da görəcəyimiz işlər mövcuddur. Əmlak sığortası və ona bağlı məsuliyyət sığortası da daxil olmaqla bu bazarın 300 milyon manata yaxın potensialı var. Amma bu gün bazar bunun az hissəsinə sahibdir. Bununla bağlı lazımı inteqrasiyalar üzərində çalışırıq.

      Söhbət cərimələrin artırılmasından gedir?

      Xeyr, söhbət cərimələrin artırılmasından deyil, daha çox sığortalanmaya nəzarətdən gedir. Bütün dünyada avtomobillərin icbari sığortası zərərli, əmlakın icbari sığortası isə gəlirli hesab edilir. Bu gün Azərbaycanda icbari avtosığorta müəyyən mərhələyə çatıb. Amma çox mənfəətli əmlak sığortası ilə bağlı görüləcək çox işlər var.

      Növbəti dəfə Azərbaycanda beynəlxalq sığorta forumu baş tutdu. İSB Forumda hansı görüşlər keçirdi?

      “Audatex”lə görüşümüz oldu. Bilirsiniz ki, onların Azərbaycanda nümayəndəliyi var və biz onlarla tənzimləmə ilə əlaqədar əməkdaşlıq edirik. Vahid qiymətləndirmə sisteminin Azərbaycanda işlək vəziyyətə gətirilməsi üçün müzakirələr aparmağı nəzərdə tutmuşuq. Bundan əlavə digər ölkələrin təcrübələrinin öyrənilməsi istiqamətində planlarımız var.

      (fins.az)