FAQ

Sığorta müqaviləsi nədir?
Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqı ödəməyi, sığortacı isə gostərilən itkilər baş verdikdə zərəri – sığorta odənişini odəməyi oz uzərinə goturur.
Sığorta haqqı nədir?
Sığorta haqqı– Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödəyəcəyiniz pul məbləğidir. Ödəyəcəyiniz sığorta haqqının müqabilində sığorta şirkəti müqavilədə nəzərda tutulan hadisələrin baş verməsi nəticəsində Sizə dəyəcək maddi zərərin ödənilməsini öhdəsinə götürür
Sığortaçı kimdir?
Sığortaçı– sığorta fəaliyyətini həyata keçirən sığorta şirkətidir. Sığorta müqaviləsinin tərəflərindən biri olan sığortaçı sığorta müqaviləsi ilə öz üzərinə müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişini həyata keçirmək öhdəliyini götürür.
Sığortalı kimdir?
Sığorta müqaviləsinin digər tərəfi olan sığortalı sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir .
Azadolma məbləği (franşiza) nədir və o sığorta haqqına necə təsir edir?
Azadolma məbləği– sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün tənzimləyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir. Azadolma məbləği ilə bağlı belə bir misal çəkmək olar: Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə azadolma məbləği 200 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 7400 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 7200 manat (7400 – 200 = 7200) məbləğində ödəniş verir.
Avtomobil sığortası hansı riskləri əhatə edir?
Avtomobilinizi sığorta etdirən zaman siz təklif olunan 3 təminat növündən hər hansı birini və ya hər üçünü seçə bilərsiniz: (1)Avtomobilin sığortası - avtomobilinizə dəyən zərərin əvəzinin ödənilməsi (Yol-nəqliyyatı hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq və s.) (2)Sizin və avtomobildə olan sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi (3)Mülki məsuliyyətinizin sığortası - sizin səhviniz nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi.
Avtomobilimi sığorta etdirən zaman avtomobilin qiyməti necə müəyyən olunur?
Avtomobilinizin sığorta etdirilməsi zamanı onun “bazar dəyəri” əsas götürülür. Bazar dəyəri eyni parametrli avtomobilin bazar qiyməti əsas götürülməklə, qiymətləndirmə sahəsində fəaliyyət göstərən müstəqil ekspert və ya sığorta mütəxəssisi tərəfindən müəyyən edilir.
Avtomobilimi bazar qiymətindən aşağı qiymətə sığortalaya bilərəmmi? Belə olan halda sığorta ödənişi necə həyata keçiriləcək?
Bəzi hallarda insanlar qənaət etmək məqsədilə avtomobillərini bazar qiymətindən aşağı qiymətə, yəni qismən sığorta etdirirlər. Lakin belə hal arzu olunmazdır. Çünki sığorta haqqının az bir hissəsini qənaət etməklə Siz sığorta hadisəsi baş verdikdə dəfələrlə çox məbləğdə itkilərə məruz qalacaqsiniz. Məsələn, sizin avtomobilinizin bazar dəyəri 15 000 manat, Sığorta tarifi isə 3 faizdir. Siz avtomobilinizi 9 000 manat (60%) dəyərində sığortalamısız və 450 manat əvəzinə 270 manat məbləğində sığorta haqqı ödəməklə 180 manat “qənaət” etmiş olmusunuz. Lakin belə olan halda sığorta hadisəsi baş versə və avtomobilinizə 10 000 manat məbləğində ziyan dəysə Sizə ödəniləcək sığorta ödənişi 6 000 manat (10 000-in 60%-i) təşkil edəcək, yəni zərərin 4 000 manat məbləğindəki hissəsi təminatsız qalacaq. Bu cür halla rastlaşmamaq üçün avtomobilinizi və digər əmlakınızı tam dəyərinə sığorta etdirməyi tövsiyyə edirik.
Sığorta haqqını hissə-hissə ödəmək mümkündürmü?
Bəli mümkündür. Sığorta haqqını sığortaçı ilə razılaşdırmaqla hissə-hissə ödəmək olar. Bu zaman hər bir hissə üzrə konkret məbləğ və onun ödənilmə tarixi müqavilədə göstərilməlidir.
Avtomobilə zərər dəydikdə sığorta ödənişinin həcmi necə müəyyən olunur?
Avtomobilə dəymiş zərərin məbləği onun zədələnmiş hissələrinin bərpa edilməsinin qiyməti ilə müəyyənləşir.
Hadisə həyətdə və ya avto dayanacaqda baş verərsə sığorta ödənişi veriləcəkdirmi?
Bəli sığorta ödənişi veriləcək.Avtomobilinizə dəyən zərər yol nəqliyyatı hadisəsi nəticəsində olmadıqda belə, yəni avtomobilinizi dayanacaqda və ya həyətdə saxladığınız zaman maşınınıza zərər dəydikdə belə, sığorta ödənişi alacaqsınız.
Hadisə Azərbaycan Respublikasının sərhədlərindən kənarda baş veribsə sığorta ödənişi verilirmi?
Sığorta müqaviləsində başqa cür nəzərdə tutmayıbsa, sığorta müqaviləsi Azərbaycan Respublikası ərazisində qüvvədə olur. Ancaq sığorta müqaviləsinin tərəfləri (siz və sığortaçı) müqavilənin başqa ərazilərdə qüvvədə olması barədə yazılı şəkildə qarşılıqlı razılığa gələ bilərsiniz .
Sığorta hadisəsi baş verdikdə təqsirkar tərəf dəymiş zərərin ödənilməsini öz üzərinə götürərsə, bu zaman sığorta şirkəti də ödəniş verməlidirmi?
Sığorta əmlak mənafelərinin müdafiəsi üçün nəzərdə tutulur və artıq gəlir əldə etmək üçün deyil. Əgər hadisədə təqsirkar olan tərəf ödənişi öz üzərinə götürərsə, bu zaman sığorta şirkəti təqsirkar şəxsin ödədiyi məbləğdə sığorta ödənişi verməkdən azaddır.
Avtomobil sığortası zamanı müqavilə hansı müddətə bağlanılır?
Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.
Etibarnamə əsasında idarə etdiyim avtomobili sığorta etdirə bilərəmmi?
Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.
Avtomobilim sığortalıdır və mən onu satmaq istəyirəm bu halda sığorta müqaviləsinə xitam veriləcəkmi?
Siz avtomobilinizi satdıqda ona olan sığorta marağınız artıq digər şəxsə, yəni avtomobili alan şəxsə keçir. Bu zaman sığorta riskində də artıq müəyyən dəyişikliklər baş verdiyinə görə siz avtomobilinizi satmağınız barədə mütləq sığortaçıya məlumat verməlisiniz. Sığortaçı isə öz növbəsində ya sığorta müqaviləsinə əlavə və dəyişiklər etməklə onu qüvvədə saxlayır ya da müqaviləyə vaxtından əvvəl xitam verir.
Sığorta hadisəsi baş verdikdə bu barədə sığortaçıya yalnız mən məlumat verə bilərəm?
Sığorta hadisəsi baş verməsi barədə sığortalı və ya sığorta olunan,yaxud faydalanan şəxs bu barədə xəbər tutduqdan sonra 24 saatdan gec olmayaraq, mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, həmçinin səlahiyyətli dövlət orqanlarına xəbər verməlidir. Lakin bu heç də o demək deyil ki, sığorta hadisəsi barədə sığortaçını mütləq siz məlumatlandırmalısınız. Üzərinə məlumatlandırmavəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, həmçinin səlahiyyətli dövlət orqanları sığortaçıya sığorta hadisəsi barədə məlumat veribsə, bu artıq sığortaçının məlumatlanırılması hesab olunur. Əgər siz və (və ya yaxınlarınız) bu barədə səlahiyyətli dövlət orqanlarına məlumat verməyibsə və ya verə bilməyibsə, sığortaçı bu barədə həmin orqanlara dərhal məlumat verməlidir.
Avtomobilimi sığorta etdirmək üçün nə etməliyəm?
Siz avtomobilinizi sığorta etdirmək istəyirsinizsə, bunun üçün sığorta müqaviləsi bağlamalısınız. Sığorta müqaviləsini ya birbaşa sığorta şirkətinə getməklə, ya da sığorta vasitəçisi vasitəsilə bağlaya bilərsiniz. Sığorta müqaviləsi bağlamazdan əvvəl siz sığorta müqaviləsi üzrə hansı təminatların verildiyini, istisnaları və hansı hüquq və vəzifələrə malik olduğunuzu və s. məsələlərlə tanış olmalısınız. Qaydalarla tanış olmadan sığorta müqaviləsini imzalamayın. Əgər Qaydaların şərtləri ilə razısınızsa, o zaman sığortaçı ilə sığorta müqaviləsi bağlaya bilərsiniz. Sığorta müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Sığorta müqaviləsini imzalamazdan əvvəl onu diqqətlə oxuyun. Müqavilədə nəzərdə tutulmuş əlavə təminatlar və istisnalara xüsusi diqqət yetirin. Yalnız müqavilənin bütün şərtləri ilə tanış olduqdan sonra sığorta müqaviləsini imzalayın. Sığorta müqaviləsi imzalandıqdan sonra sığortaçı sizə müqavilənin imzalanmasını təsdiq edən rəsmi sənəd-şəhadətnamə təqdim etməlidir. Eyni zamanda Qaydaların bir surəti də sizdə qalmalıdır.
Qardaşım mənə məxsus avtomobili etibarnamə əsasında idarə edən zaman onu aşırıb. Sığorta şirkəti də bunu əsas gətirərək mənə dəyən zərəri ödəməkdən imtina edir. Buna səbəb nədir?
Sığorta şirkəti sığorta müqaviləsi bağlanan zaman sığortalı kimi sizin yaşınıza, sürücülük təcrübənizə və sairə uyğun olaraq, sığorta tarifi müəyyən edir. Əgər siz sığorta müqaviləsində sığorta olunan və (və ya) səlahiyyətləndirilmiş sürücü olaraq, qardaşınızın adını qeyd etməmisinizsə o haqlı olaraq sizə sığorta ödənişinin verilməsindən imtina edir.
Sığorta şirkəti mənə sığorta ödənişi verməkdən imtina edir. Bununla bağlı kimə müraciət edə bilərəm?
Sığorta şirkəti sizə ödəniş verməkdən imtina edirsə və siz bu halı əsassız hesab edirsinizsə, bu halda ilk növbədə həmin şirkətin rəhbərliyinin adına şikayət ərizəsi təqdim edin. Bu ərizəyə aldığınız cavab sizi qane etmədikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə şikayət ərizəsi ilə müraciət edə bilərsiniz.
Əmlakımı sığorta etdirən zaman mənə hansı sığorta təminatları təklif oluna bilər?
Əmlakınızı sığorta etdirən zaman sizə 3 təminat növü təklif ediləcək: Daşınmaz əmlakınızın sığortası – (1)Mənzil, ev, bağ, ofis, müəssisə, zavod və sair (2)Daşınar əmlakınızın sığortası – mebel, elektrik cihazları, ev əşyaları və sair (3)Mülki məsuliyyətinizin sığortası - sizin təqsiriniz üzündən ətrafdakılara dəyən zərərin əvəzinin ödənilməsi. Bu təminatların arasından sizə ən uyğun olanlarını və ya hər üçünü seçə bilərsiniz.
Əmlakımı hansı risklərdən sığorta etdirə bilərəm?
Əmlakınızı yanğın, partlayış, ildırım vurması, zəlzələ, tufan, qasırğa, daşqın, subasma, sel, sürüşmə, torpaq çökməsi və qalxması, üçüncü şəxslərin qərəzli qanuna zidd hərəkətləri, oğurluq, qarət, quldurluq kimi risklərdən sığortalaya bilərsiniz.