ASA haqqında

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və Nizamnaməsi əsasında həyata keçirir.

Birlik 29 dekabr 2006-cı il tarixində Azərbaycan respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat nömrəsi 1106-Q15-2291. Birliyin müstəqil binası, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

Birliyin əsas məqsədi: Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 25 sığorta və 1 təkrarsığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.