Məqalələr
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yaddaş vərəqəsi
    • 31-08-2018
    • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

      Zərərin əvəzinin ödənilməsi üçün, zərərvuranın avtonəqliyyat vasitəsindən istifadə ilə bağlı mülki məsuliyyətini sığortalayan sığorta şirkətinə müraciət edilməlidir.

      Sığorta ödənişi Sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxslərə ödənilir.

      Sığortalının mütləq bilməli olduğu məsələlər

      Hadisə baş verdikdə nə etməli?

      1. Hadisə baş verdikdə ____ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsilə Dövlət Yol Polisinə dərhal məlumat verin.

      2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün “Təcili yardım”a (103), ehtiyac olduqda FHN-ə (112) və digər lazımi qurumlara xəbər verin. Həyat üçün təhlükəli xəsarət alındığı hallarda zərər çəkənləri səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb müəssisəsinə göndərin, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitənizlə aparın, daha sonra hadisə yerinə qayıdın.

      3. Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin.

      4. Hadisə yerini tərk etməyin.

      5. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin) və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin, əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.

      6. Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür:

       

      - zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı;

      - sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;

      - zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda.

       

      7. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin.

      8. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi Sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

      9. Sığorta ödənişi almaq üçün sığortaçıya aşağıdakı sənədləri təqdim etmək lazımdır:

      - sığorta ödənişinin alınması barədə ərizə (sığorta tələbi);

      - avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasportu);

      - yol-nəqliyyat hadisəsinin təfərrüatları və zərərçəkən şəxs (şəxslər) barədə Dövlət Yol Polisinin arayışı;

       

      (Qeyd: Aşağıdakı şərtlərin hər biri eyni zamanda mövcud olarsa, hadisə iştirakçıları arasında ikitərəfli protokol tərtib edilə bilər. Bu halda yol-nəqliyyat hadisəsi haqqında Dövlət Yol Polisinin arayışı tələb olunmur.

      - hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;

      - hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

      - hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

      - hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığorta şirkəti tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.)

       

      - yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin və ya digər əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd;

      - sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti;

      - yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;

      - yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;

      - yol-nəqliyyat hadisəsinin təqsirkarı tərəfindən zərərçəkənin əmlakına vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;

      - sığorta ödənişi alan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.

      Yuxarıda göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

      Sığorta ödənişinin verilməsindən imtinanın əsasları

      Aşağıdakı hallarda sığorta ödənişi verilmir:

      1. Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda;

      2. Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;

      3. Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

      4. Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda;

      5. Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda;

      6. Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda;

      7. məsuliyyəti istisna edən hallardan başqa hadisə zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə;

      8. Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;

      9. Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.