"Respublika Günü"nə həsr olunmuş intellektual
turnirin qalibləri mükafatlandırılıb

28 may 2015-ci il tarixində, “Sığortalı gənclik” layihəsi çərçivəsində paytaxtın Nizami rayonunda yerləşən “İstək” liseyində şagirdlər arasında keçirilən intellektual müsabiqənin final mərhələsi keçirilib. Respublika Gününə həsr olunmuş finalda liseyin şagirdlərindən ibarət 9 komanda: “Avengers”, “Power”, “80’s children”, “Smartist”, “Gənclik”, Dədə Qorqud, “Arrow”, IQ Fighters”, “Gentlemen” yarışıb.

 “Nə? Harada? Nə Zaman?” formatında keçirilən yarışın sonunda “Dədə Qorqud” komandası qalib gəlib. Qalib komandanın üzvlərinə planşet hədiyyə olunub. II və III yer sahibləri də həvəsləndirici mükafatlar əldə edib.

Ötən həftə Azərbaycan Sığortaçılar Assosiasiyası və “Buta Sığorta”nın nümayəndələri tərəfindən keçirilən sığorta təlimlərində “İstək liseyi”nin ümumilikdə 200-ə yaxın şagirdi iştirak edib.

“Sığortalı gənclik” layihəsinin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin təşkilatçıları Azərbaycan Sığortaçılar Assosiasiyası və “İstək” liseyidir.