Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya
və Yaxın Şərq üzrə komitəsinin toplantısı

28-29 sentyabr 2015-ci il tarixlərində, "Holiday Inn Baku" hotelinin Bakı zalında Beynəlxalq Aktuarlar Assosiasiyasının Avrasiya və Yaxın Şərq üzrə komitəsinin toplantısı keçirilib.

Toplantının açılış mərasimində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX-nin, Dövlət Sosial Müdafiə Fondunun, eləcə də Beynəlxalq Aktuarlar Assosiasiyasının komitə rəhbərləri və qonşu ölkərin Aktuarlar Assosiasiyalarının yüksək struktur nümayəndələri, 20-yə yaxın ölkədən 40-dan çox beynəlxalq dərəcəli aktuar, yerli sığorta sistemində çalışan 50-dən çox aktuar, həmçinin media nümayəndələri iştirak edib.

İlk öncə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrəfilov, daha sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra Beynəlxalq Aktuarlar Assosiasiyasının Məsləhət və yardım komitəsinin sədri Tarmo Koll toplantı iştirakçılarına Beynəlxalq Aktuarlar Assosiasiyası, həmçinin Avrasiya və Yaxın Şərq üzrə komitə haqqında məlumat verib.

Toplantının davam etdiyi iki gün ərzində iştirakçılar üçün seminarlar da təşkil olunub.

Seminarlarda ekspertlər tərəfindən iştirakçılara:

·         Aktuar Peşəkarlığı

·         Tibbi sığortada maliyyələşdirilmə

·         Dəyişən mühitdə strateji aktivlərin yerləşdirilməsi və idarə edilməsi

·         Ödəmə qabiliyyəti

·         Təqaüd sistemlərinin maliyyə sabitliyi

·         Beynəlxalq təcrübədə Sığorta ehtiyyatlarının hesablanması və qeyri-həyat sığortasında yaradılan sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

·         Beynəlxalq Aktuarlar Assosiasiyasının prinsiplərinin yerli qanunvericiliyə implementasiyası

mövzularında seminarlar təşkil olunub.

Qeyd edək ki, tədbir Beynəlxalq Aktuarlar Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.