Azərbaycanda ilk Sığorta Tədris Mərkəzi fəaliyyətə
başlayıb

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nəzdində ölkədə ilk dəfə olaraq Sığorta Tədris Mərkəzi (STM) fəaliyyətə başlayıb.Tədris Mərkəzində sığorta sektorunda çalışan əməkdaşlar və digər şəxslər üçün sığorta mövzusunda müxtəlif tədris proqramları, təlimlər, kurslar və treninqlər təşkil ediləcək.

STM-də təşkil ediləcək ilk tədris proqramı bir qədər əvvəl, 15 oktyabr 2015-ci il tarixində təqdimatı keçirilmiş sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramıdır.

“PSS” Proqramı Azərbaycan Sığortaçılar Assosiasiyası Tədris Mərkəzinin nəzdində təşkil olunacaq və 3 moduldan ibarət olacaqdır. ARPA tərəfindən təşkil olunan imtahanlarda uğur qazanan sığortaçılara “PSS” proqramı üzrə sertifikat təqdim olunacaqdır. Sertifikatların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərədindən tanınması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, “PSS” proqramında dərs vəsaiti kimi, dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”-un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunan Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı istifadə olunacaqdır.

Proqramın 1-ci modulu 1 ay davam edəcək və 12 dərsdən ibarət olmaqla, ümumi sığorta prinsiplərinə aid olacaqdır. Dərslər həftədə 3 dəfə olmaqla (həftənin 1, 3 və 5-ci günləri), saat 09:30-dan 11:30-a dək davam edəcəkdir.

Tədris planına uyğun olaraq 1-ci modul üzrə dərslər 11 noyabr – 11 dekabr 2015-ci il tarixlərində keçiriləcəkdir. Modulun tədrisi yekunlaşandan imtahan təşkil olunacaqdır. 1-ci modulun yekunları üzrə üzrə keçiriləcək imtahanda müvəffəqiyyət qazanlara bununla bağlı arayış veriləcəkdir.  

Tədris proqramının 1 modulunda iştirak haqqı 280  AZN təşkil edir.

Proqram üzrə təlimlər Azərbaycan Sığortaçılar Assosiasiyasının yerləşən ofisində (Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, Babək Plaza) keçiriləcəkdir.