Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015)

2-3 iyul, 2015-ci il tarixində, Bakıda ölkəmizdə ilin ən böyük sığorta tədbiri olan ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) keçirilib. İki gün davam edən tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə baş tutub. Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov iştirak edib. Forumun ilk günü 3 hissəli konfranslar şəklində davam edib. Konfransın 1-ci hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub, bununla bağlı çıxışlar dinlənilib. 2-ci hissədə “Qafqaz regionunda əmlak sığortası”, 3-cü hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılıb, həmçinin ikitərəfli görüşlər keçirilib. İyulun 3-də isə tədbir paralel keçirilən 2 seminarla davam edib. Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar” mövzusunda, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunub. Forumun 2-ci günündə də həmçinin ikitərəfli görüşlər, eləcə də sığortaçılar üçün simvolik Avropa Oyunlarının (boulinq yarışmasının) daxil olduğu xüsusi gecənin təşkil edilib. Sayca altıncı olacaq builki Forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini özündə əks etdirib. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olmaqla, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Ümumilikdə AİİF-2015-də 25-dən çox ölkənin 70 şirkətinin 250-dən çox nümayəndəsi iştirak edib. Bunlardan 101-ci xarici iştirakçılardır. Onların arasında dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group” “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “Standard and Poor's”, “Audatex” və digər şirkətlərinin yüksək təmsilçiləri var. İştirakçılardan 141-i isə yerli sığorta bazarını təmsil edib. Bunlar ölkədəki 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların (ictimai birliklərin) təmsilçiləri qatılıb. Forumun sponsorları arasında 10 yerli, 7 xarici şirkət var. Bu baxımdan İsveçrənin təkrarsığorta nəhəngi “Swiss Re” şirkəti, eləcə də bütün dünyada sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex” şirkəti xüsusi qeyd olunmalıdır.